Böyük mütəfəkkir, Cümhuriyyətimizin banisi və Milli liderimiz Məhəmməd Əmin Rəsulzadə hələ 1914-cü ildə qələmə aldığı Milli Dirilik adlı məqaləsində deyirdi: “Milliyyətin ümdə simasını təşkil edən şey, dildir. Dil hər bir heyətin hansı bəşər dəstəsinə mənsub olduğunu göstərən bir lövhədir… Çünki dil həmən millət deməkdir”.Görkəmli alman filosofu Martin Haydeqer isə Dil varlığın evidir deyirdi. Şübhəsiz ki, dil mədəniyyətin ən böyük elementi olmaqla həmin mədəniyyəti şəkilləndirən ən təsirli nəsnə sayılır. Hansı dildə yaşayır, yaradırsansa, həyat tərzin, mənəviyyatın da məhz o dillə mənsubiyyət qazanır. Vətənimizin Güneyindəki soydaşlarımızın fars dili ilə bağlı yaşadıqları assimilyasiya gerçəyi, Quzeydə də rus dilinin zaman- zaman “elitar” dilə çevrilməsi və ortaya çıxan acı sonuclar bu reallığı təsdiq edə bilər. Artıq inkarolunmaz həqiqətdir ki, dil hər hansı bir xalqın varlığının təzahürü, milli sərvəti, qan yaddaşı, mənliyi, həm də istiqlalıdır.Tarixi təcrübə göstərir ki, millətin dilinin dövlət statusuna yüksəlməsi həm də o millətin millət kimi təsdiqidir. Məhz bu zaman millətin öz taleyinə sahibliyi, dövlət qurmaq və qorumaq qüdrəti də sübuta yetir. Dünyada mövcud olan 200-ə yaxın dövlətdə rəsmi dövlət dillərinin sayı 70-i keçməsə də sayı 35 milyon olmaqla, ölkə əhalisinin yarısını təşkil edən, habelə yaşadıqları ölkənin tarixində və bu günkü yaşamında böyük pay sahibi olan Azərbaycan türklərinin bu günkü İran gerçəyində rəsmi dil statusu qazanmaları onların təməl haqqı sayılmalıdır.Dilimiz Vətənin quzeyində də ağır sınaqlardan keçdi. Necə ki, Məhəmməd Əmin Rəsulzadə 1950-ci ildə Yeni İstanbul qəzetində bu mənzərəni bu şəkildə təsvir etmişdi: “Bolşeviklərin idealı Sovet Birliyində mövcud bir çox dilli mədəniyyətlərin ruslaşdırılmasıdır. Bu məqsədə çatmaq üçün sovetləşdirmə üsulu hərgünkü həyata tətbiq olunur. Milli mədəniyyət ənənələrini qorumağa məxsus ən əhəmiyyətsiz tədbir də cinayət sayılır. Dilə bir millətin bütün siniflərini birləşdirməyə yarayan bir mədəniyyət vasitəsi deyil, sinfi mübarizədə bir silah gözüylə baxılır. Bu səbəblə xalq kütlələrinin düşüncə səviyyəsi onların ədəbi dilləri anlayacağı qədər yüksəlməməli, əksinə, dil işçilərin anlayış və qavrayış səviyyəsinə endirilməlidir. Bu qayda yalnız müxtəlif türk ləhcələrinə tətbiq edilir, halbuki ruscadan söz düşərkən, yalnız rus millətinin deyil, bütün Sovetlər Birliyi millətlərinin də Oktyabr inqilabının müqəddəs dilini anlayacak səviyyəyə yüksəlməsi əsas qayədir”. Əlbəttə ki, Rəsulzadə haqlı idi. Amma etiraf edək ki, Sovetlər dönəmində aşırı ideologiyanın təsirində olsaq da belə, ana dilində təhsillə bağlı Güneydəki soydaşlarımıza qarşı sərgilənən sərt assimilyasiya ilə üzləşmədik. Hətta Əsas Qanunumuzda ana dilimizin (əlbəttə, Azərbaycan dili kimi) dövlət dili kimi təsbit olunmasına da nail olduq. Sovetlərin bütün təzyiqlərinə baxmayaraq, Azərbaycanda bəzi dövlət adamları, aydınlar milli dili qorumaq uğrunda bacardıqları qədər mübarizə apardılar. İmam Mustafayevin Azərbaycan KP MK-nın 1-ci katibi, Mirzə İbrahimovun isə Azərbaycan SSR Ali Sovetinin sədri olduğu bir dönəmdə – 1956-cı ildə M.İbrahimovun Azərbaycan dili dövlət idarələrində başlıqlı yazısını nəşr etdirməsi, bu baxımdan xüsusi qeyd edilməlidir. Və məhz bu prosesin nəticəsi idi ki, Azərbaycan Konstitusiyasında da ana dilimiz dövlət dili kimi qeyd edildi.Müstəqilliyimizi qazandığımız ilk illərdə isə dilimiz hətta öz halal adını – Türk dili adını qazansa da, 1995-ci ildə qəbul edilən Əsas Qanunda yenə Azərbaycan dili kimi təsbit edildi.Dilçilik üzrə mütəxəssislərin düşüncəsinə görə zəngin dilimiz öz varlığı dönəmində zaman-zaman əlifba dəyişiklikləri ilə üzləşmişdir. Orxon-Yenisey əlifbası dönəmi ilə bağlı əsaslı araşdırmalara ehtiyac duyulur. İslamın gəlişiylə isə dilimiz öz yazılı ifadəsini uzun əsrlər ərəb əlifbası ilə həyata keçirmişdir. Ta ötən əsrin 20-ci illərinə kimi. Əslində ərəb əlifbasının islah olunması sahəsində ilk təşəbbüs 19-cu əsrin 60-cı illərində Mirzə Fətəli Axundov tərəfindən irəli sürülmüş və sonradan bu ideya bir çox Azərbaycan ziyalıları tərəfindən də dəstəklənmişdir. Lakin əlifba islahatı sahəsində ilk praktik addımlar 1918-ci ilin mayında Azərbaycan Cumhuriyyəti elan olunduqdan sonra atılmışdır. Hətta 1919-cu ilin martında milli hökumət yeni Azərbaycan əlifbasının layihəsini hazırlamaq məqsədilə xüsusi komissiya yaratmışdı. Latın qrafikalı Azərbaycan əlifbasının layihəsi 1919-cu il avqustun 20-dən sentyabrın 1-nə kimi Bakıda keçirilmiş Azərbaycan müəllimlərinin qurultayında təsdiq olunduqdan sonra parlamentin müzakirəsinə verilmişdir. Lakin Aprel işğalı (1920) milli hökumətə bu layihəni reallaşdırmağa imkan vermədi.Hərçənd o dövrdə də milli aydınlarımız arasında ərəb əlifbasından latına keçidlə bağlı fərqli düşüncələr mövcud idi. Məsələn, fikir böyüklərimizdən Mirzə Bala Məhəmmədzadə Odlu Yurd jurnalında çap olunmuş Yeni türk əlifbası və bolşevik mətbuatı adlı məqaləsində yazırdı “…Azərbaycanın təkbaşına ərəb əlifbasından latın sisteminə keçməsi və bütün Türk dünyası ilə tərki-əlaqə etməsi azəri türklərinin milli varlığına böyük bir zərbə olardı”. Buna görə də Milli liderimiz Rəsulzadə də hələlik osmanlılar kimi ərəb əlifbasının qorunub saxlanılmasını, amma asan öyrənilməsi üçün bəzi dəyişikliklər edilməsini təklif edirdi. Xatırladaq ki, faktiki olaraq həmin dövrdə ərəb əlifbası bütün müsəlmanları, o cümlədən bütün türk xalqlarını birləşdirən əsas vasitə idi. Böyük mütəfəkkir 1923-cü ildə Yeni Kafkasiya jurnalında çap olunmuş Azərbaycanda latın əlifbası adlı məqaləsində öz fikrini belə əsaslandırmışdı: “Azərbaycan latın hərfləri ilə yazıb-oxumağa başlayarsa, İstanbulda çıxan kitabları oxumaqdan məhrum qalar, eləcə də Bakıda intişar ediləcək əsərləri Anadolu oxuya bilməz”. Rəsulzadəyə görə, latın hərfinə keçməklə ruslar Azərbaycanla Türkiyə arasındakı mədəni rabitəni kəsmək istəyiblər. Sonrakı hadisələr azadlıq carçısının haqlı olduğunu göstərdi. Nəhayət, Azərbaycanda əlifba islahatını ölkədə hakimiyyəti zor gücünə ələ keçirmiş bolşeviklər reallaşdırdı. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 4-cü sessiyasının 1928-ci il 11 oktyabr tarixli qərarı ilə respublika latın əlifbasına keçdi. Lakin bu proses də cəmi 10 il sürdü. Kremlin qərarı əsasında azsaylı xalqların yeni yaradılmış əlifbaları ləğv olundu. 1939-cu il iyulun 11-də Azərbaycan SSR Ali Soveti 1940-cı il yanvarın 1-dən latın qrafikasından kiril qrafikasına keçmək haqqında qərar qəbul etdi.Kirill qrafikası əsasında hazırlanmış yeni türk əlifbaları arasında çox ciddi fərqlər var idi. Belə ki, bir çox hallarda eyni fonemlər ayrı-ayrı əlifbalarda, bir qayda olaraq, müxtəlif işarələrlə təsvir olunurdu. Bu da türk dilləri arasında fərqləri süni surətdə dərinləşdirmək məqsədilə edilmişdi.Ötən əsrin 80-ci illərində SSRİ-nin dağılması prosesi başlayanda Azərbaycanda da latın əlifbasına qayıdış hərəkatı başladı. O hərəkatın önündə gələn isimlərdən mərhum türkoloq, millət vəkili Aydın Məmmədov və digər fədakar alimlərimizin adını qeyd etmək vəfa borcumuz hesab edilir. Xüsusilə ona görə ki, latın əlifbası dilçilik baxımından dilimizə uyğun olması ilə bərabər, işğalçının iradəsi ilə qəbul etdirilmiş ərəb və kiril əlifbalarından fərqli olaraq, istər Cumhuriyyət dönəmində, istər ötən əsrin 20-ci illərində, istərsə də 90-cı illərdə məhz xalqın iradəsinin təzahürü kimi ortaya çıxdı. 1 avqust 1990-cı ildə Azərbaycan Əlifba Komissiyası yaradıldı və həmin komissiyanın hazırladığı layihə uzun müzakirə mərhələsi adlayandan sonra 1991-ci il dekabrın 25-də Azərbaycan parlamenti tərəfindən təsdiq olundu. 2001-ci ildən etibarən, məhz 1 avqust tarixi ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.Təəssüf ki, 20 ildən artıq müddətdə bu günü bayram etməyimizə baxmayaraq dilimizlə bağlı problemlərimiz hələ də həll edilməmiş qalır. Kaş ki, ölkənin təhsil sektorunda, elə siyasi sistemində də rus dilinə olan münasibəti, ruscaya bəslənən aşırı simpatiyanı doğma dilimizə münasibətdə də görəydik. Əgər ölkənin naziri öz ana dilinə biganədirsə, o dil ümumxalq sevgisi qazanmaq üçün çoxlu məşəqqətlərə düçar olacaq. Halbuki bir əsr öncə Cumhuriyyətimizin baş naziri Fətəli Xan Xoyski dilimizin önəmini, dilimizin yaşadığı faciəni parlament iclasında belə ifadə etmişdi : “Xudavandi- aləm hər yerdə istibdad varsa, evini yıxsın, necə ki rus istibdadının evini yıxdı. Qoyurdularmı ki, vaxtında dilimizi ögrənək ki, yeri düşəndə danışarkən fikrimizi söyləməyə söz axtarmağa möhtac qalmayaq!” Ordusu, rəsmi sərhədi, paytaxtı olmadığı halda tarixi torpaqlarımız üzərində demək olar ki,”yalın əllə”dövlət qurub bizə ərməğan edən qurucu babalarımızın ağlına belə gəlməzdi ki, bir əsr ötəndən sonra bütün dövlət atributlarına malik Azərbaycanda yenə dövlət məmuru dil sorunu yaşayacaq, dilə biganəlik sindromuna yoluxacaqlar. Sanki ölməz Üzeyir bəy hələ bir əsr öncə bugünkü gerçəyi görərək yazmışdı: “Azərbaycan türk dili ümumqafqazda yaşayan müxtəlif lisanlı millətlər arasında ümumi bir dil olmaq kibi böylə bir beynəlmiləl əhəmiyyəti haiz olduğu halda, yəni bir erməninin bir dağıstanlı, bir malakanın bir gürcü ilə qonuşub danışmaq üçün türk dilinə müraciət etməyə məcbur olduqları bir halda, bu dilə malik olan türklərin rus dilinə möhtac qalması nə qədər qərib və nə qədər gülünc bir haldır”.Elə isə belə bir sual ortaya çıxır – Bir əsr öncə, ağır problemlərə , təhsillərini özgə dilində almalarına rəğmən ana dilinə, doğma mədəniyyətə bu qədər bağlılıq olduğu halda, bu gün niyə analoji mənzərə ilə üzləşmirik?Ana dili sevilməlı, sevdirilməlidir. Bu missiya isə hər kəsdən öncə dövlətin üzərinə düşür. Dövlət sevərsə, millət də sevəcək, əzizləyəcək, qürur duyacaq. Necə ki, dövləti və bayrağı olan Vətənin quzeyindən fərqli olaraq, bir əsrə yaxın öz ana dilində təhsilindən məhrum edilmiş, dövləti, istiqlalı və məktəbi olmayan soydaşlarımız min bir müsibətlə, saysız məşəqqətlərə, üstəlik bu gün də səngiməyən repressiyalara rəğmən o dili yaşatmağı bacardılar. 1946-cı ildə Pəhləvi rejimi ana dilində dərslik kitablarımızı tonqallara belə atdı, amma neçə onilliklər keçdi və yenə də dilimiz yaşadı, çünki sevildi, sevdirildi… Ölməz Məhəmməd Təqi Zehtabi də vaxtilə dilmizlə bağlı yazdığı öz misilsiz şeirində bu sevgini, bu doğmalığı belə təsvir etmişdi:Özümə məxsus olan başqa elim vardı mənim, Elimə məxsus olan başqa dilim vardı mənim.İlk dəfə ki, çörək verdi mənə, nan demədi,Əzəlində mənə duzdanə nəməkdan demədi…Bu gün Vətənimizin güneyində dilimizə rəsmi yasaq yenə davam edir. Dilimiz, varlığımız və istiqlalımız üçün soydaşlarımız yenə məhbəslərə salınırlar. Halbuki Vətənin Güneyində məhbəsə salınan həmin dil Quzeyində dövlət dilidir. Deməli, Quzeyin öhdəsinədir ki, həm də bu dili qoruyub sevdirsin və bununla bizdən uzaq düşən soydaşlarımıza da ən azından mənəvi dəstək olsun. Dilimizi, ana dilimizi sevək, əzizləyək, çünki o, bizimdir, doğmadır, gerçəkdən dəyərli varlığımız və istiqlalımızdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *